“Əl-Nəsr”in ulduzu, portuqal hücumçu Kristiano Ronaldo klubuna təşəkkürünü bildirib, Səudiyyə Ərəbistanı Liqası haqda danışıb.
Arena.az məlumat verir ki, ötən ilin son günü Ronaldo özünün sosial şəbəkə hesabı üzərindən komandasının heyətində çıxış etdiyi “Əl-Nəsr” klubuna təşəkkür ünvanlayıb:
“Hər məqama görə minnətdaram”, – portuqal ulduz yazıb.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqası haqda söhbət açıb və çıxış etdiyi çempionatın məşhurluğundan danışıb:
“Mən “Əl-Nəsr” ilə müqavilə bağlayanda Səudiyyə Ərəbistanı Liqasının dünyanın ən yaxşı beşliyi arasında olacağını demişdim? Xoşbəxtəm, çünki bura gəlməyə qərar verəndə heç kim sözlərimə inanmadı. Amma indi fərqi yoxdur. Ən əsası odur ki, liqa böyüməyə davam edir, futbolçular burada çempionatın ciddi səviyyədə olduğunu gördükləri üçün bura gəlmək istəyirlər. İndi bütün dünya Səudiyyə Ərəbistanı çempionatının oyunlarını izləyir. Bu, yaxşıdır, buna şadam. Mən burada oynamağa davam etmək istəyirəm. Güclü futbolçular bura gəlsələr, yaxşı qarşılanacaqlar”, – “SSC Sports” Ronaldodan sitat gətirib.
“Gələn il bunu yenidən etməyə çalışacağam”
Həmçinin poruqal hücumçu geridə qalmış 2023 təqvim ilini ən sərrast futbolçular siyahısının zirvəsində bitirməsi haqda duyğularını paylaşıb:
“Dünyanın ən yaxşı bombardiri olmağım müqabilində hansı hissləri keçirirəm? Mən xoşbəxtəm. Həm şəxsən mənim, həm də komanda üçün uğurlu il oldu. O qədər qol vurdum, “Əl-Nəsr”ə və Portuqaliya yığmasına çox kömək etdim.
Qürur duyuram, özümü əla hiss edirəm, xoşbəxtəm. Gələn il bunu yenidən etməyə çalışacağam”, deyə Ronaldo iddiasını bəyan edib.
Xatırladaq ki, 2023-cü ildə Kristiano Ronaldo iştirak etdiyi bütün yarışlarda 54 qol vurub və təqvim ilini qolçular siyahısının zirvəsində tamamlayıb. “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn və PSJ-nin fransız mərkəz hücumçusu Kilian Mbappe 52 qolla 2-ci olublar. “Mançester Siti”nin 50 qol vurmuş norveçli qolçusu Erlinq Haland isə ən sərrast futbolçuların ilk üçlüyünü tamamlayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.
Vurğulayaq ki, Ronlaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı portuqal veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


