“Tottenhem” prezidenti Deniel Levi bildirib ki, “mahmızlar” yeni sərmayədarlar axtarmaq məcburiyyətində qalıblar.
Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Tottenhem” əvvəlki maliyyə ilində itki qeydə aldığı üçün klub müvafiq tədbirə məcburdur:
“Uzunmüddətli potensialımızdan yararlanmaq, heyətə sərmayə qoymağa davam etmək və gələcək layihələri həyata keçirmək üçün klub kapitalın əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. Mümkün sərmayədarlarla danışıqlar aparılır.
Məqsədimiz aydındır: uzaqgörən olmaq və klubu davamlı surətdə idarə etmək. Bu, xərclərimizə ciddi nəzarəti, artan kommersiya və sponsorluq gəlirlərini və Avropa yarışlarında davamlı iştirakı əhatə edir. Bütün bunlar kuboklar qazanmaq qabiliyyətimizin açarıdır.
2019-cu ilin aprelində stadionun açılışından bəri biz kişi və qadın komandalarımızın əsas komandasına 700 milyon avro məbləğdən çox sərmayə qoymuşuq”, deyə Deniel Levi bildirib.
Hazırda yunanəsilli avstraliyalı mütəxəssis Angelos Postekoqlunun çalışdırdığı “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlində 30 oyundan 57 xalla 5-ci pillədədir.


