“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi “Barselona”da oynayarkən psixoloqun xidmətindən istifadə etdiyini bildirib.
Arena.az “Infobae” dərgisinə istinadən, argentinalı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Barselona”da olarkən bir müddət psixoloqa gedirdim. Bu, çox-çoxdan olub. Əvvəlcə, bunu çox həvəssiz edirdim, çünki mən hər şeyi özümdə saxlayan insanlardanam. Amma həqiqət budur ki, mən ona müraciət edəndə bu, mənə fayda verdi və mənə kömək etdi”, deyə Messi etiraf edib.
Vurğulanır ki, Qərb cəmiyyətində psixoloqların xidmətindən istifadə adi hal sayılır, amma bu məqamın etirafı özlüyündə cəsarət tələb edən məqamdır və çox zaman birmənalı qarşılanmır.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


