AÇ-2024-ün Niderland yığması ilə qrup mərhələsinin 2-ci tur oyunu (0:0) Fransa yığmasının yarımmüdafiəçisi N’Qolo Kante üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, dünya və Avropa çempionatlarında başlanğıc heyətində Kante ilə meydana çıxmış “xoruzlar” bir oyunda belə, məğlub olmayıblar.
Kante mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) “xoruzlar”ın başlanğıc heyətində 17 oyunda meydana çıxıb, Fransa yığması isə 12 qələbə və 5 heç-heçə ilə meydandan ayrılıb.
Vurğulayaq ki, müvafiq nailiyyət avropalı oyunçular arasında mütləq rekorddur.
Dayaq yarımmüdafiəçisi N’Qolo Kante futbola “Syuren” klubunda qədəm qoyub. “Dayaqçı” karyerası ərzində “Bulon”, “Kan”, “Lester Siti”, “Çelsi” və “Əl-İttihad” (Ciddə) klublarında oynayıb.
“Əl-İttihad” Kanteni 2023-cü ilin iyulunda “Çelsi”dən azad agent qismində öz heyətinə qatıb. Fransalı futbolçunun ərəb klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Kante “Əl-İttihad”ın heyətində bütün yarışlarda 44 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
N’Qolo Kante 2016-cı ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 57 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
N’Qolo Kantenin qənimətlər muzeyində klub səviyyəsində “Lester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası (2015/2016), həmçinin “Çelsi” ilə qazandığı İngiltərə Kuboku (2017/2018), İngiltərə Liqa Kuboku (2018/2019), Avropa Liqası (2018/2019), Çempionlar Liqası (2020/2021), UEFA Super Kuboku (2021) və FIFA Klub Dünya Kuboku (2021) var.
“Xoruzlar”la isə Kante 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatını və 2020/2021-ci illər mövsümü UEFA Millətlər Liqasını qazanıb, həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı olub.
Fərdi mükafatlara gəlincə, Kante 2017-ci ildə İngiltərə və Fransada ilin futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 33 yaşlı yarımüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.


