İpaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodri AÇ-2024-ün İngiltərə yığması ilə qarşıdakı final oyunu haqda söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Mən onları yaxşı tanıyıram, ingilis futbolunun mədəniyyətinə bələdəm. Onların çox istedadlı komandası var, oyunun bütün baxışlarının öhdəsindən gələ biləcək çox istedadlı oyunçulara malikdirlər. Yaxşı müdafiə olunurlar, hücum edə bilirlər, yaxşı qurulmuş oyunları var. Biz onlara zərər vurmağın yolları üzərində işləməliyik. Bizim bir silahımız var – onları məğlub edə biləcəyimizə inam.
İngilislərdən kimi fərqləndirərdim? Onların belələri çoxdur. Fil Foden xoşuma gəlir, çünki onu tanıyıram və o, mənimlə oynayır. O, çox sıx nəzarətdə saxlanmalı olan oyunçudur, çünki dar məkanlarda hərəkət etməkdə fitri qabiliyyətə malikdir. Ancaq sizə böyük zərər yetirə biləcək bir çox oyunçu var. Mən bir oyunçu üzərində diqqət cəmləməyi xoşlamıram. Mən İngiltərə yığmasını bütövlükdə baxışdan keçirməyi xoşlayıram. Meydana mübarizəyə isə biz öz silahlarımızla təkbətək çıxırıq”, deyə Rodri vurğulayıb.
Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


