Jiri Letaçek “Xetafe”də

Çexiyanın “Banik” (Ostrava) klubunun qapıçısı Jiri Letaçek bundan sonra La Liqa təmsilçisi “Xetafe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Xetafe” çexiyalı qolkiperin transferi üçün 2 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Jiri Letaçek Çexiyanın “Pardubiçe” klubunun yetirməsidir. O, “Banik”ə 2020-ci ildə icarə əsasında keçib. Ostrava təmsilçisi 2023-cü ilin yayında qapıçının transfer hüquqlarını da alıb.

Çex qolkiper “Banik”də cəmi 42 oyuna çıxıb. O, bu oyunlarda 47 qol buraxıb, 12 matçda qapısını toxunulmaz saxlayıb.

Letaçek Çexiyanın U-16, U-17 və U-18 yığmalarında oynasa da, sonradan ona millidə ehtiyac duyulmayıb.

“Xetafe” honduraslı hücumçusu Antoni Losanonu da Meksikanın “Santos Laquna” klubuna satıb. La Liqa təmsilçisi 31 yaşlı forvardın satışından 2 milyon avro qazanıb.

Antoni Losano “Xetafe”yə 2023-cü ilin yayında azad agent kimi keçmişdi. O, bu klubun forması ilə cəmi 7 oyuna çıxıb, 1 qol və 4 assistlə yadda qalıb. Geridə qalmış mövsümün ikinci dövrəsində isə o, “Almeriya”da icarədə olub.

Losano karyerası ərzində “Kadis”, “Tenerife”, “Jirona”, “CD Olimpiya”, “Valensiya” (B), “Alkoyano”, “Barselona” (B) kimi komandaların da formasını geyinib. O, Honduras yığmasında da 51 oyuna çıxıb, 13 qol və 2 assistlə yadda qalıb.

“Xetafe”nin ispan hücumçusu Dario Poveda isə bu klubdan azad agent kimi ayrılaraq Portuqaliya təmsilçisi “Farense”yə keçib. 27 yaşlı forvardla imzalanmış müqavilənin müddəti açıqlanmır.

Dario Poveda “Xetafe”də cəmi 18 oyun keçirib və 2 qola imza atıb. O, karyerası ərzində “Kartaxena”, “İbitsa”, “Hueska”, “Leqanes”, “Vilyarreal” və “Atletiko” (Madrid) kimi klubların şərəfini qoruyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: