Bilbao “Atletik”inin və İspaniya yığmasının qapıçısı Unai Simon növbəti mövsümün əvvəlini yaşıl meydanlardan kənarda keçirməli olacaq.
Arena.az bu barədə “El Larguero” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bunun səbəbi ispan qapıçının ötən, 2023/2024-cü illər mövsümünün son hissəsini və bütünlükdə Avropa çempionatını bu halı ilə keçirdiyi bilək zədəsidir. Simonu cərrahi müdaxilə gözləyir.
Məşqdə belinin aşağı hissəsini əzmiş və üç bel fəqərəsini sındırmış, bask komandasının ikinci qapıçısı Xulen Aqirresabalanın da zədə almasına rəğmən, Simona vaxtında yenə də mütləq cərrahi müdaxilə tövsiyə edilir. Buna görə də Simonun cərrahi əməliyyatdan sonra yalnız 2024-cü ilin oktyabrında meydana qayıdacağı təxmin edilir.
Beləliklə, mövsümün əvvəlinə qədər “Atletik”in heyətində bir nəfər də sağlam əsas komanda qapıçısı olmayacaq. Bask klubunun bu müşkülü cari yay transfer pəncərəsində ya icarə, ya da öz futbol akademiyasından gənc qapıçılardan birinin əsas komandaya cəlb edilməsi ilə çözəcəyi vurğulanır.
Xatırladaq ki, Simonun zədəsi keçən il meydandan kənarda alınıb və təsadüfən baş verib. Ağrı daimi olsa da, qapıçının məşq etməsinə və adi qaydada oynamasına mane olmayıb. Hər halda fədakar ispan qapıçı oyun zamanı şikayətçi olmayıb və İspaniya yığmasının heyətində Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının qalibi olub.
Zədəyə rəğmən, Avropa çempionu oldu
AÇ-2024-də Simon 6 oyuna çıxıb, 4 qol buraxıb, 1 penalti zərbəsini dəf edib. Geridə qalmış klub mövsümünün sonunda Simon İspaniya La Liqasında ilin ən yaxşı qapıçısı seçilib, həmçinin müxtəlif nəşrlərə görə, AÇ-2024-ün rəmzi komandasında yer alıb.
Unai Simon “Atletik”in yetirməsidir. Bir müddət “Baskoniya”da oynamış Simon 2018-ci iyulunda “Atletik”ə qayıdaraq, əsas heyətdə yerini möhkəmlədib.
Unai Simonun “Atletik”lə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Unai Simon “basklar”ın heyətində ancaq La Liqada çıxış edib, 36 oyun keçirib, 33 qol buraxıb, 18 oyunda isə qapını təmiz saxlayıb. Simonun “Atletik”in heyətində çıxışının ümui mənzərəsi isə belədir: 195 oyun, 202 buraxılmış qol, 66 “quru” oyun.
Unai Simon 2020-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 46 oyuna çıxıb, 35 qol “yeyib”, 20 oyundan “quru” qurtulub.
Unai Simonun qənimətlər muzeyində “Atletik”lə qazandığı İspaniya Kral Kuboku (2023/2024) və İspaniya Super Kuboku (2020/2021) var. İspaniya yığması ilə isə Unai Simon U-19 və U-21 yığmaları ilə müvafiq olara AÇ-2015 və AÇ-2019-u qazanıb və əsas yığma ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı ispan qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


