AFFA AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Ermənistan – Xorvatiya oyununda baş verən hadisə ilə bağlı bəyanat yayıb.
Arena.az milli assosiasiyanın rəsmi saytına istinadən həmin bəyanatı təqdim edir:
“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bildirir ki, 11 sentyabr 2023-cü il tarixində AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan – Xorvatiya oyununun 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin “bayrağı”nı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilməsi böyük şiddətlə qınanılır. Ermənistan Futbol Federasiyasını bu cür əməllərin qarşısını almaq, o cümlədən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ləkə atan digər əməlləri önləmək, öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədi ilə tədbirlər görməsi tələb olunur.
Həmçinin sözügedən əməllər ilk dəfə törədilmir. Biz AFFA olaraq futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı UEFA və digər üstqurumlar qarşısında öz şikayətlərimizi bildiririk və bildirəcəyik. Sözügedən məsələ ilə bağlı UEFA-ya müraciət edərək qurumun ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edirik.
Bir daha qeyd edirik ki, idman oyunları siyasi əməllərə alət edilməməlidir”.
Xatırladaq ki, Ermənistan – Xorvatiya matçı qonaqların 1:0 hesablı qələbəsiylə bitib.