AFFA “Kür-Araz”a texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan İkinci Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Dinamo” – “Kür-Araz” görüşündə “Dinamo” oyunun ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. “Kür-Araz”ın heyətində matçın rəsmi protokolunda adı olmayan futbolçu – Ceyhun Quliyev oyuna daxil olduğuna görə “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda 400 manat cərimə edilib.

“Ağdaş” – “Kürmük Qax” görüşündə “Kürmük Qax”ın 4 futbolçusu sarı vərəqə aldığına görə bu klub 70 manat cərimə edilib. Təcili Tibbi Yardım təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilib. Oyundan öncəki iclasda “Kürmük Qax” iştirak etmədiyinə görə sözügedən klub 80 manat cərimə edilib. “Kürmük Qax”ın qapıçısının formasında qüsurlar olması səbəbindən oyun 4 dəqiqə gec başladığına görə “Kürmük Qax” klubu 80 manat cərimə edilib.

“Lerik” – “Şəmkir” oyununda “Lerik”in 4 futbolçusu sarı vərəqə aldığına görə bu klub 70 manat cərimə edilib. “Şəmkir”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub da 70 manat cərimə edilib. “Şəmkir”in futbolçusu Elgün Namazov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Qusar” oyununda “Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyununda “Şəfa”nın futbolçusu Sahib Cümşüdov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib. Oyun xərəkdaşıyanlarla tam təmin olunmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Şəki Siti” – “Füzuli” oyununda “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığına görə Şəki klubu 70 manat cərimə edilib. 6 futbolçusu sarı vərəqə alan “Füzuli” də 70 manat cərimə ödəyəcək.

Daha 3 komandaya texniki məğlubiyyət verildi

Yeri gəlmişkən, İntizam Komitəsi AFFA-nın bayrağı altında keçirilən digər yarışlarla da bağlı bəzi qərarlar qəbul edib.

U-14 Liqasında keçirilməli olan “Kəpəz” PFK – “Qoşqar” FK oyunu “Qoşqar”ın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Buna görə “Qoşqar”a 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilən “Arzu” (Gəncə) – “Gəncəvi” (Gəncə) oyununda “Arzu”nun heyətində lisenziyasız oyunçu aşkarlandığına görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “Pambıqçı” – “Ağdam” FK oyununda “Pambıqçı”nın heyətində yetərsay olmadığına görə matç baş tutmayıb. Buna görə “Pambıqçı”ya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: