Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Zirə” – “Neftçi” oyununda “Neftçi”də 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə paytaxt klubu 2000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə sözügedən klub 5000 manat cərimə edilib.
“İmişli” – “Sabah” oyununda “İmişli”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə paytaxt komandası 5000 manat cərimə edilib.
“Qarabağ” – “Karvan” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 700 manat cərimə edilib.
“Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai”nin futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Difai” buna görə 150 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib.


