Aleksander Sörlot “Atletiko”nun tarixinə düşdü

Futbol üzrə Norveç milli komandasının mərkəz hücumçusu Aleksander Sörlot İspaniyanın “Atletiko” klubunun tarixinə düşüb.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu buna UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Belçika təmsilçisi “Brügge”yə qalib gəldikləri (4:1) cavab oyununda 3 qol vurmaqla nail olub.

Norveçli forvard Madrid təmsilçisinin tarixində bu turnirin pley-offunda het-trik edən ilk oyunçu olub.

Sörlot həmçinin klub tarixində qrup mərhələsi də daxil olmaqla, ÇL-dəki bir matçda 3 dəfə fərqlənən ikinci oyunçudur. Daha əvvəl xorvatiyalı Mario Mandjukiç 2014-cü ildə bunu bacarmışdı.

Aleksander Sörlot Madrid “Atletiko”suna 2024-cü ilin avqust ayında 32 milyon avro məbləğ müqabilində “Vilyarreal”dan tamhüquqlu əsasda keçib.

Norveçli hücumçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Sörlot “döşəkçilər” üçün 36 oyuna 15 qol və 1 məhsudlar ötürmə ilə fərqlənib. O, “Atletiko”da bütövlükdə 89 oyuna çıxıb, 39 qol və 3 assist müəllifi olub.

Sörlot karyerası ərzində “Real Sosyedad”, “Trabzonspor”, “Qroningen”, “Leypsiq”, “Bodo Qlimt”, “Midtyulland”, “Gent”, “Kristal Pelas”, “Rusenborq” kimi klubların da şərəfini qoruyub.

Norveçli hücumçu 2016-cı ildə debüt etdiyi milli komandada 68 oyuna çıxıb, 26 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı norveçi mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: