Aleksandr Sörlot Madrid “Atletiko”sunda – 32 milyon avroya

Futbol üzrə Norveç yığma komandasının hücumçusu Aleksandr Sörlot İspaniyanın “Vilyarreal” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 28 yaşlı forvard bundan sonra İspaniyanın digər klubu “Atletiko”nun uğurları üçün çalışacaq.

Bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. “Atletiko” bu transfer üçün “Vilyarreal”a 32 milyon avro ödəyib. Təcrübəli forvardla 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Aleksandr Sörlot peşəkar karyerasına Norveçin “Rusenborq” klubunda başlayıb. O, “Bodo Qlimt”, “Qroningen”, “Midtyulland”, “Kristal Pelas”, “Gent”, “Trabzonspor”, “Leypsiq”, “Real Sosyedad” kimi klublarda da forma geyinib. Hücumçu “Vilyarreal”a 2023-cü ilin yayında 10 milyon avro qarşılığında “Leypsiq”dən keçmişdi. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 oyunda 26 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Sörlot, 2016-cı ildə ölkəsinin əsas millisində debüt etib. O, yığma komandanın heyətində çıxdığı 53 oyunda 18 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Atletiko” hələ bir müddət öncə transferini açıqladığı İspaniya millisinin futbolçusu Robin Le Normanla rəsmi müqavilə imzalandığını bəyan edib. 27 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Le Normanın sonuncu klubu La Liqanın digər təmsilçisi “Real Sosyedad” olub. Paytaxt klubu onu 34,5 milyon avro müqabilində heyətinə qatıb.

Robin Le Norman Fransada dünyaya göz açıb və bu ölkənin “Brest” klubunun yetirməsidir. O, “Real Sosyedad”a 2016-cı ildə azad agent kimi keçmişdi. Müdafiəçi La Liqa təmsilçisinin əsas komandasında 221 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Le Norman 2023-cü ilin iyun ayından İspaniya millisinin şərəfini qoruyur. O, yığmanın heyətində 17 oyuna çıxıb, 1 qol vurub.

Müdafiəçi bu il Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub, 2023-cü ildə isə milli komanda ilə UEFA Millətlər Liqasının ən güclüsü adını qazanıb. Onun qazandığı titullar arasında “Real Sosyedad”la 2019/2020 mövsüm əldə etdiyi İspaniya Kuboku da var.