İspaniya yığmasının kapitanı, hücumçu Alvaro Morata komandanın bərbəri Alexandro Olivaya AÇ-2024-ün finalına yüksələcəyinə söz verib.
Arena.az AS dərgisinə istinadən, Olivanın bu barədə sözlərini təqdim edir:
“Mən finaldan bir gün əvvəl, iyulun 13-də evlənəcəyəm. Əgər ispanlar keçsələr, ümid etdiyim və arzuladığım məqam baş tutacaq, görək, bəlkə ertəsi gün həyat yoldaşımla Almaniyaya gəlib Avropa çempionatını taxdığım üzüklə qeyd edə bilərəm. Morata dəvətlidir, o, mənə toy hədiyyəsi olaraq finalı söz verib”, deyə bərbər bildirib.
Xatırladaq ki, Madrid “Atletiko”sunun hücumçusu saç ustasının köhnə müştərisidir. Onları dostluq münasibətləri bağlayır. Oliva hazırda “Atletiko”, “Real” və “Rayo Valyekano”nun bir sıra oyunçularının, o cümlədən Xoselunun və Daniel Karvaxalın saçını qırxır. Saç mütəxəssisi İspaniya yığmasının futbolçuları və texniki heyətinin bir hissəsinə də bərbərlik edir.
Beləliklə, Morata bərbərinə verdiyi sözü tutmaq üçün ilk növbədə, İspaniya millisi ilə AÇ-2024-ün ev sahibi Almaniya yığmasını mübarizədən kənarlaşdırmalıdır. Komandalar yarışın 1/4 finalında qarşılaşacaqlar. Oyun iyulun 5-də Ştutqartın “Mersedes-Bents Arena” stadionunda keçiriləcək.


