Amorim Lion “Olimpik”i ilə oyundan narazı qaldı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 finalının Lion “Olimpik”i ilə ilk oyununu şərh edib.

Arena.az məlumat verir ki, səfərdə keçirilmiş ilk oyunda “qırmızı şeytanlar” qələbəni təzminat müddətində (90+5-ci dəqiqə) əldən verərək, 2:2 hesablı heç-heçə ilə kifayətlənməli olublar.

Əlavə edək ki, həmin məqamda “Mançester Yunayted”in 29 yaşlı kamerunlu əsas qapıçısı Andre Onana rəqibin qapıya zərbəsindən sonra topu dəf edərkən, “yumru”nu ehtiyatsızlıqla öz qarşısına atıb və bu, “qırmızı şeytanlar”ın qapısına qolla nəticələnib.

Amorim matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Onana İngiltərə Premyer Liqasının növbəti oyununa köklənməlidir, ardıca isə cavab oyunu haqda düşünməlidir. Lion “Olimpik”i ilə oyunda bir oyunçunun səhvi – bütün komandannı səhvidir.

Biz yaxşı oynayırdıq. Birinci hissədə bəzi çətinliklərimiz vardı, xüsusilə təzyiqin ilk mərhələsində. İkinci hissədə isə biz oyunun yatımına uyğunlaşdıq və oyuna nəzarət edirdik. Biz mütəmadi surətdə rəqibin cərimə meydançası yaxınlığında olurduq. Biz yaxşı oynadıq, amma daha da yaxşı oynaya bilərdik.

Biz oyundan oyuna qüvvətlənirik, amma qol vəziyyətlərinin gerçəkləşdirilməsini təkmilləşdirməyimiz gərəkdir”, – “TNT Sports” dərgisi portuqal mütəxəssisin azacıq narazılıqla səsləndirdiyi qənaətindən sitat gətirir.

Komandalar arasında cavab oyunu aprelin 17-də Mançesterdə baş tutacaq.

Əlavə edək ki, cari mövsümdə ümumilikdə çox bərbad təsir bağışlamasına rəğmən, “Mançester Yunayted” Avropa Liqasında qalibiyyətə əsas namizəddir.

Xəbəri sosial şəbəkələrdə paylaş: