Azərbaycan millisinin Ukrayna ilə oyunu mərkəzi arenada!

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, yığmamızı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da doğma meydanda Ukrayna seçməsi ilə oyun gözləyir. D qrupunun 2-ci turu çərçivəsində Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa və İslandiya yığmaları da var. Komandamız seçmə mərhələdəki ilk matçını sentyabrın 5-də səfərdə məhz İslandiya millisinə qarşı keçirəcək.

Yeri gəlmişkən, İslandiya – Azərbaycan matçının keçirilmə yeri və vaxtı da dəqiqləşib. D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək. Oyun sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: