Lion “Olimpik”inin və Milan “İnter”inin sabiq hücumçusu İshak Belfodil Azərbaycanın “Sabah” klubuna keçidindən danışıb.
Arena.az xəbər verir ki, 31 yaşlı forvard “bayquşlar”ın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Burada olmaqdan çox şadam. Yeni klubumda ilk oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. “Sabah” gənc klubdur. Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır.
Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. İnşallah, mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək”.
Xatırladaq ki, İshak Belfodil ötən gün “Sabah”la 2+1 illik müqavilə bağlayıb. Əlcəzairdən olan təcrübəli futbolçu yeni komandasında 14 nömrəli formanı geyinəcək.
“Sabah”ın yeni hücumçusu peşəkar karyerasına Lion “Olimpik”ində başlayıb. O, sonradan İtaliyaya üz tutaraq burada “Bolonya”, “Parma”, “Livorno”, hətta Milan “İnter”i kimi klubların şərəfini qoruyub. İshak “Baniyas”, “Standard” (Lyej), “Verder”, “Hoffenhaym” və “Herta”da da forma geyinib. 2022-ci ilin avqust ayından Qətərin “Əl-Qarafa” klubunda çıxış edən futbolçu bu komandada 24 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, bu ilin iyul ayında sözügedən klubdan ayrılandan bəri azad agent kimi özünə yeni iş yeri axtarırdı.
Belfodil vaxtilə Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb. 2013-cü ildən isə o, Əlcəzair yığmasına dəvət almağa başlayıb. O, öz ölkəsinin milli komandasında 19 matça çıxıb və 2 qola imza atıb.


