“Brentford” ingiltərəli hücumameylli yarımmüdafiəçisi Maylz Pirt-Harrisi icarə əsasında “Portsmut”un düşərgəsinə göndərib.
Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidmətinə istinədən məlumat verir.
İcarə müqaviləsi cari ilin may ayının sonuna qədər nəzərdə tutulub.
Maylz Pirt-Harris “Çelsi”nin yetirməsidir. “Zadəganlar”ın əsas heyətinə yol tapa bilməyən yarımmüdafiəçini “Çelsi” 2021-ci ilin iyulunda 1,5 milyon avro müqabilində “Brentford”a satıb. Bu klub da öz növbəsində Pirt-Harrisi “Forest Qrin”ə icarəyə verib.
Cari mövsümün ilk yarısında Pirt-Harris Premyer Liqa klubunun heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyuna çıxıb.
Maylz Pirt-Harris İngiltərənin U-16 yığmasında oynayıb, həmçinin U-17 yığmasına da dəvət alıb, amma oyun keçirməyib. Bundan sonra Pirt-Harris yığmanın düşərgəsinə çağırılmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
“Brentford”un mərkəz müdafiəçisi Çarli Qud da icarə əsasında “Uiqan”a keçib. 28 yaşlı ingilis futbolu bu mövsümün sonuna kimi Çempionşip klubunda icarədə olacaq. O, elita təmsilçisinə 2020-ci ilin avqustunda 1,1 milyon avro qarşılığında keçmişdi. Lakin müdafiəçi bu komandanın heyətində cəmi 20 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Çarlinin Premyer Liqa klubu ilə müqaviləsi də bu mövsümün sonuna kimidir.
Çarli Qud karyerası ərzində “Skantorp Yunayted”, “Northempton”, “Bləkpul” və “Şeffild Yunayted” kimi klublarda da forma geyinib.
“Transfermarkt” internet-portalı Çarli Qudun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.


