Cəlal Hüseynov, Emin Səfərov və Nəriman Axundzadə U-21-də!

Azərbaycan milli komandasının 3 üzvü – Cəlal Hüseynov, Emin Səfərov və Nəriman Axundzadə U-21 yığmamızın düşərgəsinə qoşulub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün “Azərsun Arena”da Lüksemburq yığması ilə qarşılaşacaq. Bu oyun ərəfəsində Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub. Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə U-21-in düşərgəsinə qoşulub. Baş məşqçi Samir Əliyevin bu gün onların xidmətindən yararlanması gözlənilir.

Xatırladaq ki, Səfərov Azərbaycanın əsas milli komandasının heyətində ötən gün Avstriya yığması ilə AÇ-2024-ün seçmə mərhələ oyununda iştirak edib. Hüseynovla Axundzadə isə bu oyunda ehtiyatda qalmışdılar. Oktyabrın 13-də keçirilmiş Estoniya ilə səfər oyununda isə millimizin gənc üzvlərindən heç birinə ehtiyac duyulmamışdı.

U-21 yığmamız isə bir neçə gün öncə doğma meydanda Şimali İrlandiyaya 0:1 hesabıyla uduzub. Serbiya ilə səfər oyunundan da məğlub ayrılmış komandamız Lüksemburqla görüşdə nəhayət xal və ya xallar qazanmağı hədəfləyib.

“Azərsun Arena”da baş tutacaq Azərbaycan – Lüksemburq matçına saat 18:00-da start veriləcək. Görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dumitri Muntean olacaq.

U-21 yığmamızın yer aldığı qrupdakı mövcud vəziyyət belədir:

Ukrayna – 9 xal. İngiltərə – 6. Serbiya – 6. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 0.