Aleksandr Ramalinqom Premyer Liqada yubiley qolunu vurdu

Madaqaskar millisinin və “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Onun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 13-cü turuna təsadüf edib. 32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə adını tabloya yazdırıb. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.

Qeyd edək ki, Aleksandr turnirin tarixində ən azı 20 qol vurmuş 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.

Xatırladaq ki, Aleksandr Ramalinqom “Sumqayıt”a bu ilin yayında cəlb olunub. 32 yaşlı futbolçu sözügedən komandanın heyətində 14 oyuna çıxıb, 6 qol və 3 assist müəllifi olub.

“Sedan”, “Mariqnan”, “Bney Saxnin”, “Bezires”, “Ayaçço”, “Virton” kimi klublarda da oynamış Ramalinqom ölkəmizdə daha öncə “Səbail”in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: