Laporta Xavini istefaya göndərməsinin səbəbini açıqladı

“Barselona”nın prezidenti Joan Laporta ispan mütəxəssis Xavini “blauqrana”nın sükanı arxasından istefaya göndərməsinin səbəbini açıqlayıb.

Arena.az Laportanın müvafiq açıqlamasını təqdim edir:

“O, mənə dedi ki, işləməyə davam etmək istəyir. Ona ancaq bircə sual verdim: “Xavi, sən bu komandaya inanırsan?”. O, cavabladı: “Yüz faiz inanıram, bu oyunçuları çempion edəcəyəm”. Bir həftə sonra eşitdim ki, mübariz komanda qurması üçün ona iki il gərəkdir. Düşündüm: “Nə baş verir?”, deyə Laporta bildirib.

Xatırladaq ki, “Barselona” Xavini 2024-cü ilin may ayının 24-də istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.

“Barselona” 2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.

İspan mütəxəssis 2022/2023-cü illər mövsümündə “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: