İspaniya çempionatının növbəti turunun oyunları “Tenerife”nin vəfat etmiş futbolçusu Xesus de Migelin xatirəsinə dayandırılacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb.
Qərara əsasən, qarşılaşmaların 9-cu dəqiqəsində oyunlar dayandırılacaq. Həmçinin növbəti turun bütün matçlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
30 yaşlı Xesus de Migel noyabrın 1-də ikinci divizionda “Andorra” ilə oyunda rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürəyi dayanıb. Tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan futbolçu noyabrın 3-də vəfat edib.
De Migel 2025-ci ilin yayından “Tenerife”də çıxış edirdi. Bundan əvvəl o, İspaniyanın bir sıra klublarında forma geyinib.
Futbolçunun xatirəsinin 9-cu dəqiqədə yad edilməsi onun “Tenerife”də geyindiyi forma nömrəsi ilə bağlıdır.


