Rafinya “Barselona” ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Futbol üzrə Braziliya milli komandasının hücumçusu Rafinya İspaniya çempionu “Barselona” ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 29 yaşlı hücumçu 2030-cu il iyunun 30-dək “Barselona”nın formasını geyinməyə davam edəcək.

Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər idi.

Cari mövsümdə Rafinya “Barselona” üçün 13 oyun keçirib, 19 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 190 oyun, 94 qol və 62 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 3 dəfə (2022/23, 2024/25, 2025/26) İspaniya La Liqasını qazanıb, 3 dəfə İspaniya Super Kubokunun (2022/23, 2024/25, 2025/26), bir dəfə İspaniya Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: