İspaniya futbolunda faciə: Xesus de Migel 30 yaşında vəfat etdi

İspaniyanın “Tenerife” klubunun hücumçusu Xesus de Migel oyun zamanı rəqib qapıçı ilə toqquşmadan sonra 30 yaşında vəfat edib.

Arena.az xatırladır ki, futbolçu “Andorra” ilə qarşılaşmada rəqib qapıçı ilə toqquşduqdan sonra ürəktutma keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Hadisə noyabrın 2-də İspaniya çempionatının ikinci divizionunun “Tenerife” – “Andorra” matçının ikinci hissəsinə əlavə olunmuş vaxtda baş verib. Topu qəbul etməyə çalışan De Migel rəqib qapıçı Xesus Ovononun diz zərbəsinə tuş gəlib və huşunu itirib. Ona meydanda ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Noyabrın 3-də futbolçunun nevroloji vəziyyətinin pisləşdiyi açıqlanıb. Bir müddət sonra isə onun vəfat etdiyi təsdiqlənib. “Tenerife” klubunun bəyanatında mərhumun ailəsinə, yaxınlarına və bu itkidən kədərlənən azarkeşlərə başsağlığı verilib.

Hadisə ilə bağlı İspaniya Milli Polisi də araşdırmaya başlayıb. “El Dia” nəşrinin məlumatına görə, istintaq həm meydanda baş verənləri, həm də futbolçunun xəstəxanaya yerləşdirilməsindən sonrakı prosesləri əhatə edir. İş məhkəməyə göndərilib.

Digər tərəfdən, “Andorra”nın qapıçısı Xesus Ovononu 8-12 oyunluq diskvalifikasiya cəzası gözləyə bilər. “Diario AS” nəşrinin məlumatına görə, bu ehtimal futbolçuların toqquşması ilə bağlı intizam tədbirləri çərçivəsində nəzərdən keçirilir. Bununla belə, hələlik yekun qərar açıqlanmayıb.

Faciə ilə əlaqədar UEFA da bu həftə təşkilatın bayrağı altında keçiriləcək bütün oyunlardan əvvəl bir dəqiqəlik sükut elan edəcək.

İspaniya Kral Futbol Federasiyası (RFEF) isə bütün yarışlarını noyabrın 6-dək dayandırmaq qərarına gəlib. Daha əvvəl noyabrın 3-nə planlaşdırılan qarşılaşmalar da təxirə salınmışdı. Bu həftə keçirilməli olan kubok oyunları da başqa vaxta keçirilib.

Qeyd edək ki, Xesus de Migel 2025-ci ilin yayından “Tenerife”də çıxış edirdi. O, daha əvvəl İspaniyanın bir sıra digər klublarında da forma geyinib. “Tenerife” – “Andorra” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: