“Turan” Bolqarıstanda inamlı qələbə qazandı

Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” komandası Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi Tovuz təmsilçisi bu gün səfərdə Bolqarıstanın “Maritsa” klubu ilə qarşılaşıb.

Plovdivdə baş tutmuş görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız hər üç setdə rəqibindən üstün olub – 25:22, 25:22, 25:20.

Beləliklə, “Turan” cavab qarşılaşması öncəsi növbəti mərhələyə yüksəlmək üçün ciddi üstünlük əldə edib. Tərəflər arasında ikinci oyun noyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki – 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını hər iki oyunda məğlub edib. Tovuz klubu ilk görüşdə 3:0, cavab matçında isə 3:2 hesabı ilə qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: