UEFA Gənclər Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” – “Sabah” oyununun hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, noyabrın 4-də Norveçin Sandnes şəhərində baş tutacaq qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Lasse Laebel Qraqard olacaq. Ona həmyerliləri Esad Deronyiç və Yakob Mastrup kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə norveçli Mişa Huru Kellerhals yerinə yetirəcək.
Görüş Sandnes şəhərindəki “Sandnes Ulf Arena”da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsinin geridə qalmış ilk 3 turunda ardıcıl məğlubiyyətlərə üzülüb. Xalsız olan Azərbaycan təmsilçisi sonuncu – 36-cı pillədə qərarlaşıb. “Vikinq” isə ilk 3 turda 6 xal toplayıb və 14-cü sırada qərarlaşıb.


