İspaniyanın “Tenerife” klubunun hücumçusu Xesus de Migel “Andorra” ilə oyunda rəqib qapıçı Xesus Ovono ilə toqquşduqdan sonra ürəktutma keçirib.
Arena.az xəbər verir ki, bu barədə COPE radiostansiyası məlumat yayıb.
Hadisə İspaniya çempionatının ikinci liqasının 2 noyabr tarixində keçirilmiş 12-ci tur matçının ikinci hissəsinə əlavə olunmuş vaxtda baş verib. Topu qəbul etməyə çalışan 30 yaşlı futbolçu rəqib qapıçının diz zərbəsinə tuş gəlib və huşunu itirib.
De Migelə meydanda ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb. “Tenerife” klubu futbolçunun vəziyyətinin ağır, lakin stabil olduğunu açıqlayıb.
Qeyd edək ki, 30 yaşlı hücumçu 2025-ci ilin yayından İspaniya klubunda çıxış edir.
Sözügedən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


