“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Zaur Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Ardıcıl məğlubiyyətlərdən sonra ilk xalımızı qazandıq. Buna görə sevincliyik. Bir tərəfdən də məyusuq. Çünki bu qədər qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. Yenə hesabda öndə olduğumuz oyunda qol buraxdıq və qələbəni əldən verdik. Buna baxmayaraq, uşaqlara təşəkkürümü bildirdim. Həqiqətən də yaxşı oynadılar. Son iki turda da oyunumuzdan razı idim.
Uduzduğumuz bütün matçında mübarizədən çəkinmədən oynamışdıq. “Şamaxı” ilə matçda komanda dominant futbol oynadı. “Kəpəz”lə oyunda da həmçinin. Komanda artıq ümid verməyə başlayırdı. “Sumqayıt”ı xüsusi təhlil etməmişdik. Bütün oyunlara olduğu kimi hazırlaşırdıq. “Şəfa” çempionatda öz sözünü deyəcək gücdədir. Fikrimcə, qarşımıza qoyulan məqsədə çatacağıq.
Məğlub olduğumuz heç bir oyundan sonra hakimlik haqda danışmamışam. İsa Süleyman qapıçının əlində olanda topa vurdu. Bu, açıq-aşkar görünür. Amma hakim bildirdi ki, qəsdən etməyib. Fikrimcə, orada penalti və futbolçuya ikinci sarı vərəqə verilməli idi. Bəlkə də oyunun taleyi həll olunacaqdı. Musa Quelin sarı vərəqə aldığı epizodda rəqib bizim oyunçunun ayağını tapdalamışdı. O qərar da bizə müəmmalı qaldı. Gərgin oyun gedirdi. Hakimləri də başa düşürəm. Amma hansısa qərəz olmasına inanmıram”.
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido isə heç-heçəyə belə şərh verib:
“Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyil. Amma bununla barışmalıyıq”.


