“Qarabağ” klubu 2026/2027-ci illər mövsümünün qalan hissəsində ev oyunlarını doğma “Azərsun Arena”da keçirməyə qərar verib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
Belə ki, Ağdam təmsilçisi bununla bağlı PFL-ə müraciət edib. Klub Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılacağını bildirib. Ağdam klubunun rəsmi müraciətini, “Azərsun Arena”nın Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun oyunlarını qəbul etməyə hazır olduğunu nəzərə alan Peşəkar Futbol Liqası bu komandanın Azərbaycan Premyer Liqasının 11-ci turunda baş tutacaq “Turan Tovuz”la oyundan etibarən ev oyunlarını “Azərsun Arena”da keçirməsi ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, “Qarabağ” öz arenasındakı yenidənqurma işləri ilə əlaqədar cari mövsümün əvvəlindən ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi.


