Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2026/2027-ci illər mövsümünün daha bir oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasının Liqa mərhələsinin oyununu idarə edəcək.
Kamal Umudlu İspaniyada yerli “Vilyarreal” və Fransanın PSJ klubunun U-19 komandalarının oyununda iş başında olacaq. Ona yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını ispaniyalı Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Xatırladaq ki, “Vilyarreal” – PSJ oyunu sabah – noyabrın 3-də “Mini Estadi de la Ciudad Deportiva del Villarreal”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Həm PSJ-nin, həm də “Vilyarreal”ın U-19 komandası əvvəlki 3 turda 7 xal toplayıb. Bu komandalar hazırda UEFA Gənclər Liqasının Liqa mərhələsinin yarış cədvəlində 4-cü və 5-ci pillələrində qərarlaşıblar.


