Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının (DÇ-2028) əsas mərhələsi çərçivəsində növbəti matçını keçirib.
Arena.az xəbər verir ki, əsas mərhələnin 12-ci qrupunda yer almış komandamız Çexiya yığması ilə qarşılaşıb.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilmiş oyunda hesabı millimiz açıb. Fasiləyə hesabda üstün yollanan futzalçılarımız ikinci hissədə qapısından ardıcıl 2 top buraxıb. Amma mübarizədən qopmayan millimiz qrupun favoritində bir xal almağı bacarıb. 2:2 hesabı ilə başa çatan qarşılaşmada komandamızın heyətində Kənan Manafov və Ülvi Əliyev fərqləniblər.
Qeyd edək ki, futzal millimiz bu rəqibə qarşı səfərdə keçirdiyi ilk görüşdə 1:2 hesabı ilə uduzmuşdu.
Azərbaycan yığması növbəti matçını noyabrın 8-də Bakıda Latviya millisinə qarşı keçirəcək.
DÇ-2028-in əsas mərhələsi
12-ci qrup
5 noyabr
Azərbaycan – Çexiya 2:2
Hakimlər: Kiara Perona, Martina Pikkolo, Simone Zanfino (hamısı İtaliya).
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Lənkəran Olimpiya İdman Kompleksi. Saat 16:00.


