Kolumbiya milli komandasının keçmiş qapıçısı David Ospina 38 yaşında peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
Arena.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə noyabrın 3-də sosial şəbəkələrdə paylaşdığı vida videosu vasitəsilə məlumat verib.
O, müraciətində futbolun həyatında tutduğu xüsusi yerdən, ailəsinin dəstəyindən, birlikdə çalışdığı məşqçilərdən, komanda yoldaşlarından və azarkeşlərdən söz açaraq hər kəsə təşəkkür edib.
Ospina qərarının əsas səbəbi kimi səhhətindəki problemləri göstərib. Xüsusilə sağ dirsəyindəki zədə uzun müddətdir onun karyerasına mane olurdu. Qapıçı 2023-cü ildə “Əl-Nəsr”də çıxış edərkən dirsəyini sındırmış, uzunmüddətli müalicədən sonra meydana qayıtmışdı. 2026-cı ildə zədənin yenidən ağırlaşması onun Meksikanın “Atlante” klubuna keçidinə də mane olub. Tərəflər arasında razılaşma əldə olunsa da, Ospina yeni komandasında rəsmi oyun keçirə bilməyib.
Karyerasına “Atletiko Nasional”da başlamış David Ospina 2008-ci ildə Fransanın “Nitsa” klubuna transfer olunub. Daha sonra İngiltərənin “Arsenal”, İtaliyanın “Napoli” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandalarında çıxış edib. 2024-cü ildə isə yenidən “Atletiko Nasional”a qayıdıb.
Kolumbiyalı qapıçı klub karyerası ərzində 14 titul qazanıb. “Arsenal”la iki dəfə İngiltərə Kubokunun, “Napoli” ilə İtaliya Kubokunun qalibi olub. “Əl-Nəsr”in heyətində Ərəb Klubları Çempionlar Kubokunu qazanan Ospina “Atletiko Nasional”la da bir sıra yerli titullara sahib çıxıb.
David Ospina 2007-ci ildə Kolumbiya millisində debüt edib. O, yığmanın heyətində 131 oyun keçirərək bu göstəricidə Ceyms Rodrigeslə birlikdə milli komandanın tarixində ən çox oyun keçirmiş futbolçudur.
Qapıçı 2014, 2018 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. 2024-cü ildə isə Kolumbiya millisi ilə Amerika Kubokunun finalına yüksəlib.



