Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna “Zəfər turu” adı verilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. Bununla bağlı olaraq turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.
Qeyd edək ki, 11-ci turun oyunları üç günü əhatə edəcək. Ənənəvi olaraq, hər günə iki oyun təsadüf edəcək. Qarşılaşmalar noyabrın 6-da, 7-də və 8-də keçiriləcək.
Premyer Liqa
11-ci tur
6 noyabr
“Qarabağ” – “Turan Tovuz”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.
“Neftçi” – “Kəpəz”
“Neftçi Arena”, 20:00.
7 noyabr
“Şəfa” – “Araz-Naxçıvan”
“Sumqayıt Arena”, 16:00.
“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 18:30.
8 noyabr
“İmişli” – “Sumqayıt”
Yevlax şəhər stadionu, 15:00
“Sabah” – “Şamaxı”
Bakı. “Dalğa Arena”, 17:30.


