Dambrauskas: “Vikinq”ə də qalib gəlməyə çalışacağıq”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə qarşı keçirəcəkləri oyun haqda danışıb.

Arena.az xəbər verir ki, litvalı mütəxəssis görüşdən əvvəl təşkil olunmuş mətbuat konfransında süni örtüklü meydanda oynamağın çətinlikləri, komandasının hazırlığı və rəqib barədə fikirlərini bölüşüb.

“Bu mövsüm UEFA Çempionlar Liqasında süni örtüklü meydanda üçüncü oyunumuzu keçirəcəyik. Bundan əvvəl Uelsdə və Finlandiyada oynamışıq və hər iki matçda qalib gəlmişik. Burada da eyni nəticəni əldə etməyə çalışacağıq.

Təbii ki, “Vikinq”in bizdən əvvəl keçirdiyi oyunları yaxşı təhlil etmişik. Onların hər matçını izləmişik. “Bayern”in də burada çətinlik çəkdiyini gördük. UEFA və FİFA belə meydanlarda oynamağa icazə verirsə, biz də bu qaydalara əməl etməliyik. Fikrimcə, meydanın örtüyü qalibin müəyyənləşməsində əsas amil olmayacaq. Taktika, texnika, psixoloji hazırlıq və atmosfer daha vacib rol oynayacaq”.

Dambrauskas komandaasının durumu barədə də danışıb:

“Belə oyunlarda zədələr həmişə olur. Qarşıdakı 28 gün ərzində 8 matç keçirəcəyik. Bu, asan deyil. Amma hər bir futbolçu mənim komandamın üzvlərinin yerində olmaq, UEFA Çempionlar Liqasında çıxış etmək istərdi. Bəzi məşqçilər də bizim yerimizdə olmağı arzulayardılar. Norveçə 23 hazır futbolçu gətirmişik. Lakin onlardan bəziləri ilə bağlı qərarımı axşam məşqindən sonra verəcəyəm. Bir neçə gün əvvəl qatarla 6 saat yol getdik və çətin oyun keçirdik. Daha sonra evə qayıtmaq üçün yenidən 6 saat vaxt sərf etdik. Dünən isə 5 saatlıq uçuşla Norveçə gəldik. Bütün bunlardan sonra bərpa olunmaq çətindir. Futbolçuların məşqə və oyuna tam hazır vəziyyətə gəlməsinə diqqət yetirməliyik. Rəqibi təhlil etmişik və Norveç çempionatında da rəqabətin yüksək olduğunu görürük”.

“Əlimizdən gələni edəcəyik” – Eyden Makkarti

“Sabah”ın futbolçusu Eyden Makkarti də “Vikinq”ə qarşı keçirəcəkləri oyun haqda danışıb. O, matçdan əvvəl təşkil edilmiş mətbuat konfransında layiqli oyun sərgiləmək üçün əllərindən gələni edəcəklərini deyib:

“Yalnız müdafiə xətti deyil, bütün komanda vahid mexanizm kimi fəaliyyət göstərməli və əlindən gələni etməlidir. Hər situasiyanın öz həlli var. Komanda yoldaşlarıma inanıram. Layiqli oyun göstərmək üçün əlimizdən gələni edəcəyik. Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər. Çempionlar Liqasındakı qoluma gəlincə, bu, özümə inamımı daha da artırdı. Heç nə asan olmur. Yenidən qol vurmaq şansım olsa, bundan yararlanmaq üçün hər şeyi edəcəyəm. Eyni zamanda müdafiədə də etibarlı oynamalıyıq”.


Qeyd edək ki, noyabrın 4-dən 5-nə keçən gecə keçiriləcək “Vikinq” – “Sabah” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: