Futbol üzrə İngiltərə milli komandasının da üzvü olan “Bayern”in hücumçusu Harri Keyn Almaniya nəhəngi ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən xəbər verir.
Tərəflər əməkdaşlığı 2029-cu il iyunun 30-dək davam etdirməyə qərar veriblər.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 161 oyun, 156 qol və 41 məhsuldar ötürmədən ibarətdir.
İngilis hücumçu “Bayern”lə 2 dəfə Almaniya çempionu olub, 1 dəfə Almaniya Kubokunu, 2 dəfə Almaniya Super Kubokunu qazanıb.
Keyn “Bayern”dəki bütün mövsümlərində Bundesliqanın bombardiri adını qazanıb. O, 2023/2024 və 2025/2026 mövsümlərində Avropanın “Qızıl buts” mükafatına da sahib çıxıb. Keyn 2026-cı ildə Almaniyada ilin futbolçusu seçilib və “Qızıl top” mükafatına layiq görülüb.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 125 oyuna 91 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 33 yaşlı ingilis hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


