Yaponiya Futbol Assosiasiyasının (JFA) sabiq prezidenti Kozo Tasima FİFA prezidenti postuna namizədliyini irəli sürüb.
Arena.az xəbər verir ki, 68 yaşlı funksioner bu barədə Tokioda keçirdiyi mətbuat konfransında açıqlama verib.
JFA-nın İdarə Heyəti də Tasimanın namizədliyini yekdilliklə dəstəkləyib. O bildirib ki, əsas məqsədi futbolda dürüstlük, sağlam idarəçilik və ədalət prinsiplərini beynəlxalq səviyyədə təbliğ etməkdir.
Tasima 2015-ci ildən FİFA Şurasının üzvüdür. O, Yaponiya millisinin sabiq futbolçusu olmaqla yanaşı, 2016-2024-cü illərdə JFA-ya rəhbərlik edib.
FİFA prezidenti seçkiləri 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək. Namizədlər üçün müraciətlərin son tarixi 18 noyabrdır. Seçkidə 211 milli assosiasiya iştirak edəcək və namizədin ən azı 5 federasiyanın rəsmi dəstəyini alması tələb olunur.
Hazırkı prezident Canni İnfantino da 2027-ci ildə yenidən seçilmək üçün namizədliyini irəli sürəcəyini təsdiqləyib.


