Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirib, İkinci Liqanın 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 9-cu tur
“Ağstafa Gəncləri” – “Şəki” oyununun 2-ci hissəsi “Şəki”nin meydançaya gec çıxması səbəbindən gec başladığına görə sözügedən klub 300 manat cərimə edilib.
“Ağdaş” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Ağdaş” 200 manat cərimə ödəyəcək. Bu oyunda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Ağdaş” 250 manat cərimə edilib. Oyun “Kür-Araz”ın oyunçusunun formasında problem olması səbəbindən gec başladığına görə sözügedən klub 150 manat cərimə edilib. “Kür-Araz”ın həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 250 manat cərimə ödəyəcək.
“Zəngəzur” – “Şəmkir” oyununda “Zəngəzur”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. “Şəmkir”də də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyundan əvvəl “Şəmkir” matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə sözügedən klub 150 manat cərimə edilib.
“Marafon” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”da 4 nəfər sarı vərəqə aldığı üçün Lökbatan komandası 70 manat cərimə edilib.
“Dinamo” – “Şirvan” oyununun 85-ci dəqiqəsində “Dinamo”nun futbolçusu Raul Musayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Dinamo” buna görə 100 manat cərimə edilib. “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə ödəyəcək.


