Reda Xadra ilk dəfə Livan millisinə çağırıldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”ın yarımmüdafiəçisi Reda Xadra ilk dəfə Livan milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, Livan yığmasının əlcəzairli baş məşqçisi Məcid Buqerra 25 yaşlı futbolçunu noyabrda keçiriləcək beynəlxalq turnir üçün heyətə daxil edib.

İraqda təşkil olunacaq dörd komandalı turnirdə Livanla yanaşı, meydan sahibləri, İran və Fələstin yığmaları da iştirak edəcəklər.

Xadra ilə birlikdə ABŞ klubu “San Antonio”da çıxış edən qapıçı Cozef Batruni də ilk dəfə Livan millisinə çağırılıb. Hər iki futbolçunun dəvət olunması məşqçilər korpusunun xaricdə çıxış edən livanəsilli oyunçuları milli komandaya cəlb etmək strategiyasının bir hissəsidir.

Buqerra yeni futbolçuların komandaya qoşulmasından məmnunluğunu ifadə edib:

“Reda Xadra ilə danışdım və onun Livanı təmsil etməyə nə qədər həvəsli olduğunu gördüm. O, çox yaxşı futbolçudur. Bizim üçün oyunçunun səviyyəsi qədər ölkənin formasını geyinmək istəyi və həvəsi də vacibdir”.

Almaniyada anadan olan Xadra karyerası ərzində Dortmund “Borussiya”sının ikinci komandasında, İngiltərənin “Brayton”, “Bləkbern”, “Şeffild Yunayted”, “Birmingem” və Fransanın “Reyms”, “Havr” kollektivlərində çıxış edib.

Livan millisinin turnirdə ilk rəqibi İraq olacaq. Komandalar noyabrın 13-də Bəsrə şəhərində qarşılaşacaqlar. Turnirin finalı və üçüncü yer uğrunda görüş noyabrın 17-nə planlaşdırılıb.

Qeyd edək ki, Reda Xadra cari ilin 27 avqustunda “Qarabağa” transfer olunub. Onunla 2+1 illik müqavilə bağlanıb. Livanlı futbolçu Ağdam klubunun heyətində indiyə qədər cəmi 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: