Xabi Alonso Vinisius Juniorla münasibəti haqda danışdı

“Real”ın baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorla münasibəti haqda söhbət açıb.

Arena.az ispan mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Vinisiusla münasibətin çox yaxşıdır. Vinisius bizim əsas oyunçumuzdur. Aramızda isə qarşılıqlı etibar mövcuddur”, deyə Xabi Alonso vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Vinisius oyunlardan birində əvəzlənərkən Xabi Alonsoya etiraz etmişdi. Məhz həmin hadisdən sonra tərəflər arasında münasibətlərin pozulduğu barədə müxtəlif xəbərlər yayılmışdı.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 19 oyuna çıxıb, 5 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 341 oyun, 111 qol, 90 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 45 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: