Xulian Kalero “Levante”dən qovuldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Levante” komandasının baş məşqçisi Xulian Kalero istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun idarə heyəti 55 yaşlı mütəxəssisin istefaya göndərilməsinə qərar verib. Bu ayrılıq La Liqada “Atletik”ə qarşı keçirilmiş və 0:2 hesablı məğlubiyyətlə bitmiş ev oyunundan sonraya təsadüf edib. Klub Kaleroya əməkdaşlığa görə təşəkkürünü bildirib.

Xulian Kalero 2023-cü ilin yayından bu komandanı çalışdırırdı. İspaniyalı məşqçi “Levante”ni bu müddət ərzində 58 oyuna çıxarıb. Bu matçlarda 25 qələbə, 16 heç-heçə və 17 məğlubiyyət qeydə alınıb.

Kalero daha öncə “Kartaxena”, “Burqos”, “Rayo Maxadahonda”, “Navalkarneo”, “Atletiko Pinto”, “Alkorkon”, “Parla” kimi komandalara da rəhbərlik edib.

Qeyd edək ki, “Levante” hazırda İspaniya La Liqasında 14 turdan sonra 9 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: