Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

UEFA Çempionlar Liqasında 2024/25 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.

Arena.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, həftənin oyunçusu adına ənənəvi olaraq 4 futbolçu var.

Bu ada Deklan Rays (“Arsenal”), Alessandro Bastoni (“İnter”), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski (“Barselona”) iddia edirlər.

Deklan Rays Londonda İspaniya nəhəngi “Real”a qalib gəldikləri (3:0) matçda cərimə zərbəsindən iki baxımlı qola imza atıb.

Robert Levandovski də Dortmund “Borussiya”sını (Almaniya) məğlub etdikləri (4:0) qarşılaşmada eyni sayda qol vurub.

Xviça Kvaratsxeliya doğma meydanda İngiltərənin “Aston Villa” komandasını üstələdikləri (3:1) görüşdə adını tabloya yazdırıb.

Alessandro Bastoni isə Almaniyada “Bayern”i yendikləri (2:1) matçda müdafiədə etibarlı oyunu ilə seçilib.

Qeyd edək ki, həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: