U-17 Liqasında “Neftçi” çempion, “Sabah” 2-ci oldu

AFFA-nın 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirdiyi U-17 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, ötən gün mövsümün qalibləri üçün mükafatlandırma mərasimi də təşkil edilib.

“Neftçi” Futbol Mərkəzində təşkil edilmiş tədbirdən əvvəl sonuncu turun oyunu baş tutub. A qrupunun 14-cü turunun son qarşılaşmasında “Neftçi” və “Sabah” komandaları 0:0 hesablı heç-heçə ediblər. Hər iki komanda mövsümü 30 xalla tamamlayıb. Ümumi göstəricilərdə rəqibini üstələyən “Neftçi” mövsümü çempion kimi, “Sabah” ikinci, “Qarabağ” isə üçüncü pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Qarabağ” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi” isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 24 qol yazdırmış “Qarabağ”ın futbolçusu Riad Qaradağlı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. U-17 Liqasında iştirak edən komandalar arasında keçirilən sorğuya və Azərbaycanın U-17 millisinin baş məşqçisinin rəyinə əsasən mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Bəşirov seçilib.

Bundan başqa, U-10 Liqasında Adəm Atazadə (“Vətən), U-11 Liqasında Tuncay Şükürlü (“Xan”), U-12 Liqasında isə Qalib Ağayev (“Ağsu Siti”) feyr-pley mükafatına layiq görülüb.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: