Murad Məmmədov “Neftçi”ni “Pafos”a dəyişdi

Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin sağ vingeri Murad Məmmədov bundan sonrakı karyerasını “Pafos” klubunda davam etdirəcək.

Arena.az bu barədə “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Neftçi”nin yetirməsi, kiçik yaşlarından ağ-qara formanı geyinən Murad Kiprin “Pafos” klubuna keçir: “20 yaşlı futbolçumuza “Neftçi”dəki xidmətlərinə görə təşəkkür edir, Avropada uğurlar arzulayırıq. Yaxşı yol Murad, yolun açıq, uğurların bol olsun!”

Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən etibarən əsas komandanın şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-17, U-18 və U-19 yığmalarında da oynamış Murad 2025-ci ildən U-21-də forma geyinir. O, gənclərdən ibarət milli komandamızın heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

“Pafos”a gəlincə, bu komanda Kipr çempionatının geridə qalmış mövsümünü 62 xalla 4-cü pillədə başa vurub. Ölkə kubokunda finala yüksəlmiş komandanı mayın 29-da “Apollon”la həlledici oyun gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: