Çempionlar Liqasında pley-off həyəcanı davam edir – “Çelsi”dən qələbə!

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir. Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

Turnirin son qalibi “Çelsi” “Stemford Bric”də “Lill”i qəbul edib. London klubu İngiltərə Premyer Liqasında qeyri-sabit çıxış etsə də, Avropa səhnəsində inamla irəliləyir. “Zadəganlar” Fransa çempionu ilə ilk oyunda da uğurlu çıxışını davam etdirib. Tarixində ikinci dəfə pley-off həyəcanı yaşayan “Lill” 2006/07 mövsümündə İngiltərənin digər təmsiçisi “Mançester Yunayted” səddini keçə bilməmişdi. Bu dəfə isə komanda Londonda 2 cavabsız qola üzülüb.

Gecənin digər qarşılaşmasında “Vilyarreal” və “Yuventus” üz-üzə gəlib. Bu, komandaların avrokuboklarda ilk duelidir. Bu oyunda hesabı Turin təmsilçisi açıb. Amma erkən qol buraxan İspaniya təmsilçisi ikinci hissədə məğlubiyyətdən xilas olmağı bacarıb. Beləcə, bu qarşılaşma bərabərliklə yekunlaşıb.

Xatırladaq ki, 1/8 finalın ilk 4 görüşündə İngiltərənin “Mançester Siti” klubu Portuqaliyada “Sportinq”ə 5:0, PSJ Fransada İspaniya “Real”ına 1:0, İngiltərə “Liverpul”u İtaliyada “İnter”ə 2:0 hesabı ilə qalib gəlib, Almaniya “Bayern”i isə Avstriyada “Zalsburq”la heç-heçə edib – 1:1.

Sabah keçiriləcək son iki matçla UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulacaq. “Mançester Yunayted” (İngiltərə) Madriddə “Atletiko”nun (İspaniya) qonağı olacaq. “Benfika” (Portuqaliya) isə son Niderland çempionu “Ayaks”ı qəbul edəcək.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
22 fevral

Çelsi (İngiltərə) – Lill (Fransa) 2:0
Qol: Haverts, 8. Pulişiç, 63.

Vilyarreal (İspaniya) – Yuventus (İtaliya) 1:1
Qol: Parexo, 66 – Vlahoviç, 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: