Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
İngiltərə təmsilçilərindən “Liverpul” Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı bu dəfə doğma meydanda qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Beləcə, növbəti mərhələyə İngiltərə təmsilçisi vəsiqə qazanıb.
“Mançester Siti” isə İspaniyada Madrid “Atletiko”sunun qonağı olub. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanmışdı. Cavab qarşılaşmasında isə ümumiyyətlə qapılara qol vurulmayıb. Bu üzdən yarımfinala Mançester klubu yüksəlib.
Beləliklə, UEFA Çempionlar Liqasında finala vəsiqə uğrunda İspaniya və İngiltərə klubları mübarizə aparacaq. Yarımfinalda “Liverpul” “Vilyarreal”la, “Mançester Siti” isə Madrid “Real”ı ilə qarşılaşacaq. “Vilyarreal” 1/4 finalda Almaniyanın “Bayern”, “Real” isə ÇL-in sonuncu qalibi “Çelsi”ni (İngiltərə) mübarizədən kənarlaşdırıb.
Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-27-də, cavab qarşılaşmaları isə mayın 3 və 4-də olacaq. Püşkün nəticəsinə əsasən, ilk oyunlar İngiltərədə, cavab görüşləri İspaniyada baş tutacaq.
Çempionlar Liqasının builki final qarşılaşması mayın 28-də Fransada, “Stad de Frans” arenasında baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
13 aprel
“Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:3
Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun – 3:1
“Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun – 0:1


