Ceymi Karrager Yurgen Klopun müdafiəsinə qalxdı

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager, İngiltərə klubunun sabiq baş məşqçisi, alman mütəxəssis Yurgen Klopu dəstəkləyib.

Arena.az xatırladır ki, Klopp bu yaxınlarda “Red Bull”da futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsinə təyin edilib.

Məhz bu təyinatdan sonra bir sıra alman azarkeşlər 57 yaşlı mütəxəssisi bu qurumda çalışmasına görə qınayıb, hətta təhqir ediblər.

Karrager isə bu tənqidləri məntiqsiz hesab edir:

“Düşünürəm ki, bu tənqid – cəfəngiyatdır. O, müəyyən növ məşqçidir, xalqın içindən çıxmış adamdır. Əgər onlar – Kloppun tənqidçiləri “Red Bull” modelini o qədər də bəyənmirlərsə, onda Dortmund “Borussiya”sı niyə Erlinq Halandı “Red Bull Zalsburq”dan satın almışdı?”, deyə sual edərək, ingilis təhlilçi Klopun tənqidçilərini məntiqli olmağa dəvət edib.

Qeyd edək ki, alman mütəxəssis yanvarın 1-dən “Red Bull” şəbəkəsində futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsində işinə başlayacaq. Klopp “Leypsiq”, “Zalsburq”, “Nyu-York” klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq.

Klopun illik qazancının 10-12 milyon avro məbləğ civarında olacağı bildirilir. Alman mütəxəssislə uzunmüddətli müqavilə bağlandığı vurğulanır.

Klopun Almaniya yığmasının baş məşqçisi vəzifəsinə dəvət ediləcəyi təqdirdə, alman mütəxəssisin öz müqaviləsinə xitam vermək hüququna malik olduğu da nəzərdə tutulub.

Yurgen Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında, “Maynts”da və həmçinin Frankfurt “Ayntraxt”ının gənclərdən ibarət komandasında baş məşqçi olub.

Yeri gəlmişkən, Ceymi Karrager “Mançester Siti”nin 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasının çempionu olmaq imkanından da söhbət açıb. İngilis təhlilçinin bu barədə fikrini təqdim edirik:

“Mən hələ də “Mançester Siti”nin “Liverpul” və bəlkə də “Arsenal”dan daha yaxşı olduğunu düşünürəm. Hər həftə sizin fikriniz dəyişir, elə deyilmi? Amma mənim üçün “Mançester Siti” hər kəsə qalib gələ biləcək bir komandadır. “Liverpul” və “Arsenal” isə – bu, lazım gəlsə”, deyə Karrager vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: