Dani Lorenso azarkeşə forma satdı, üzr istədi – Video

İspaniyanın “Malaqa” klubunda çıxış edən ispan futbolçu Dani Lorenso azarkeşə forma satdığı üçün üzr istəmək məcburiyyətində qalıb.

Arena.az xəbər verir ki, vaxtilə İspaniya La Liqasında mübarizə aparmış “Malaqa” hazırda 3-cü Liqanın 2-ci qrupunda yarışır.

Sözügedən komanda İspaniya İkinci Liqasına vəsiqə uğrunda mübarizə aparır. Malaqanın eyniadlı təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Daniel Lorenso Gerrero son matçların birində qəribə addımı ilə gündəmə gəlib. 21 yaşlı ispan futbolçu matçın sonunda geyindiyi formanı azarkeşlərdən birinə satıb. O, buna görə azarkeşdən 50 avro alıb. Amma bunun üstü açılıb və nəinki İspaniya, bütün Avropada gündəm olub.

Bildirilir ki, oyundan sonra Lorenso azarkeşlərə təşəkkürünü bildirmək üçün əvvəlcə tribunaya yaxınlaşıb, həm də onlarla xatirə şəkli çəkdirib. Sonra bir köynəyin 50 avroya dəyişdirildiyi məqam yaşanıb. Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra ispaniyalı futbolçu üzr istəmək məcburiyyətində qalıb.

Dani Lorenso baş verənlərlə bağlı bunları söyləyib:

“İnsanlar anlamalıdırlar ki, biz üçüncü divizionda oynayırıq və bizim verə biləcəyimiz formaların sayı məhduddur. Artıq məhdudiyyətimi aşmışam. Bununla bağlı klub bizdən haqq alır. Bu barədə tribunada olan bir azarkeşə dedim, sonra o, mənə 50 avro verdi”, deyə gənc futbolçu məsələnin mahiyyətini açıqlayıb.

Bahar Rüstəmzadə