2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 3-cü turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
İlk iki turda qələbəyə sevinmiş Braziliya yığması bu dəfə Venesuela ilə ev oyunundan xal itkisi ilə ayrılıb.
Braziliyanın xal itkisindən maksimum yararlanan Argentina yığması isə ardıcıl üçüncü qələbə sayəsində vahid liderə çevrilib. Lionel Messi və komanda yoldaşları evdə Paraqvay üzərində qələbəyə seviniblər.
Dörd qolun qeydə alındığı Kolumbiya – Uruqvay matçında qalib müəyyənləşməyib. Boliviya evdə Ekvadora uduzub. Çili isə Peru ilə ev oyununda inamlı qələbə qazanıb.
2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
3-cü tur
13 oktyabr
Kolumbiya – Uruqvay 2:2
Qollar: X.Rodriqes, 35, M.Uribe, 52 – M.Olivera, 47, D.Nunes, 90+1.
Argentina – Paraqvay 1:0
Qol: N.Otamendi, 3.
Boliviya – Ekvador 1:2
Qollar: R.Ramallo, 83 – K.Paes, 45, K.Rodriqes, 90+6.
Çili – Peru 2:0
Qollar: D.Valdes, 74, M.Lopes, 90+1-öz qapısına.
Braziliya – Venesuela 1:1
Qollar: Qabriel, 50 – E.Bello, 85.
Xal: Argentina – 9. Braziliya – 7. Kolumbiya – 5. Uruqvay – 4. Çili – 4. Venesuela – 4. Ekvador – 3. Paraqvay – 1. Peru – 1. Boliviya – 0.


