Ehtiram Quliyev: “Turan Tovuz” hələ böyük hədəflərə hazır deyil”

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev bu gün “Səbail”lə ev oyunundan sonra jurnalistlər üçün mətbuat konfransı keçirib.

Arena.az xəbər verir ki, Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan qarşılaşma Tovuz təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Maçtdan sonra klubun rəhbəri hazırda “Turan Tovuz”un hədəflərinin böyük olmadığını bildirib:

“Bu oyunu təhlil etmək mənə düşməz. Baş məşqçi bu barədə öz sözlərini deyib. İdarə heyətinin sədri olaraq onu demək istəyirəm ki, əskiklərimiz həddindən artıq çoxdur. Baxmayaraq ki, ötən ilin ikinci dövrəsindən başlayaraq sponsorumuz var. Bu məğlubiyyətə baxmayaraq, tərəfdarlarımız üzülməsin. Bilirəm, azarkeşlər həmişə qələbə istəyirlər, hədəfləri böyükdür. Bizim hazırkı hədəfimiz Premyer Liqada qalmaqdır. Komanda olaraq digər hədəflərə hazır deyilik. Oyunçularımızın performansını ölçən “Katapult” sistemini biz yeni almışıq. Analitik məşqçimiz yoxdur, fiziki hazırlıq üzrə məşqçimiz yeni gəlib. İşıqlandırma məsələsindən xəbərdarsınız”.

Klub rəhbəri süni ot örtüyündə oynamağın çətinliyini xüsusi qeyd edib: “Süni ot örtüyündə oynamaq çox çətindir. Ötənilki nəticələrimizi məndən yaxşı təhlil etmisiniz. Ev oyunlarındakı nəticələrə görə turnir cədvəlində sonuncu yerlərdəyik. Səfər xallarımız daha yüksəkdə idi. Buna əsas səbəb süni ot örtüyüdür. Bu səbəbdən yaxşı oyunçular cəlb etmək olmur. Azarkeşlərimiz bizdən transferlər istəyir. Amma bu yöndə ciddi problemlərlə də üzləşirik. Baxmayaraq ki, heyətimizdəki oyunçular da keyfiyyətlidir”.

Süni ot örtüyünün dəydirilməsinin mümkünlüyü haqda sualı Ehtiram Quliyev belə cavablandırıb: “Bununla bağlı həm sponsorlarla, həm AFFA ilə danışıqlar gedir. Kömək göstərməklə bağlı müraciətimiz var. 50 faizini sponsor, 50 faizini AFFA kömək edə bilər. Bu, çox vacib amildir. Bizim sizinlə görüşümüz oyunun nəticəsinə görə deyil. Bu əvvəlcədən planlaşdırılmışdı. Bəhanələr axtarmağı sevmirik. Amma hadisələrə real baxmaq lazımdır. Akademiya binamız yetərsizdir. Ərzaq məhsullarını yığmaq üçün anbar mövcud deyil. Bunların hamısı maliyyə itkilərinə səbəb olur. Gündəlik ərzaq almaq məcburiyyətindəyik. Ona görə fizioterapiya alətlərindən əskiklərimiz var.

“Yeni akademiya inşa edirik, dövlətə hədiyyə olunacaq”

Hədəf üçün bu il komandanı iki illik transferlər əsasında qurmuşuq. Gələn il hədəf haqqında müzakirələr aparmaq olar. Mən də bir azarkeş olaraq ən yaxşısını istəyərəm. Amma klub, baş məşqçi qarşısında xüsusi bir vəzifə qoymamışıq. 5 nəfər gənc ali təhsilini yeni başa vurmuş, xarici dil bilən işə cəlb edəcəyik. Xarici dil səviyyəmiz çox aşağıdır. Qonaqlar gələndə çətinlik çəkirik. Günün birində həmin gənclər bu gün komandada aparıcı yer tutan şəxsləri əvəz edəcək. Biz təkcə bu gün haqqında düşünmürük. 10 il sonranı hesablayırıq. Bizim hədəf və planlarımız on illikdir”.

Ehtiram Quliyev “Turan Tovuz”un strateji hədəfləri barədə də danışıb: “Öz oyunçularını yetişdirə bilən, bölgənin gənclərinin hesabına daim liderliyə oynayan, avrokuboklarda öz sözünü deyən bir klubun yaradılması əsas strateji hədəfdir. Məsələnin həlli çox sadədir. Azərbaycan futbolunun ən böyük problemi süni ot örtüyüdür. Köklü dəyişiklik lazımdır. Təbii ot örtüyünə keçirilməlidir. İstedadlı oyunçularımız var. Burada yetişirlər, amma süni ot örtüyünə görə bir yerə qədər oynayırlar, sonra zədələnirlər. Dünya bu təcrübəni keçib, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur, On ildən sonra biz və bizdən sonra gələcək rəhbərliyə klubu bu problemləri həll edib təhvil vermək istəyirik”.

“Turan Tovuz”un sahibi görülən işlərdən də söz açıb: “Klubu təhvil alanda çoxlu çətinliyimiz var idi. O mərhələdən analitik məşqçini tapana qədər çox yol keçmişik. Problemlərimiz çox idi. Akademiyamız olsa da, “obşijitel” kimidir, mən ora hansı ulduz oyunçunu gətirə bilərəm?! Bir otaqda beş nəfərlə kim qalar? Köklü dəyişikliklər aparırıq. Çəkiliş meydançası, işıq dirəklərini hamısını daxili vəsait, sponsor hesabına həll edirik. Yeni akademiyanı inşa edirik. Bu da dövlətə hədiyyə olunacaq. Akademiya sponsor hesabına inşa olunur. Eyni zamanda transferlər, bunlar hamısı maliyyə tələb edir. Buna görə də bunların 50 faizinə dəstək olmaq müraciət etmişik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: