Elxan Məmmədov Canni İnfantino ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov FİFA prezidenti Canni İnfantino ilə görüşüb. Arena.az xəbər verir ki, görüş bu gün İsveçrənin Sürix şəhərində, sözügedən qurumun mənzil-qərargahında baş tutub.

Görüş zamanı Elxan Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından Canni İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə – Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanda futbolun inkişafı, FİFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparılıb. Beynəlxalq futbol təşkilatının prezidentinə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.

Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib. O, bu istiqamətdə görülmüş işlər haqqında FİFA prezidentini məlumatlandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: