Futbol üzrə Argentina milli komandasının qapıçısı Emiliano Martines İngiltərənin “Astan Villa” klubu ilə müqaviləsini yeniləyib.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
32 yaşlı qolkiper yeni müqaviləyə əsasən daha 5 il (2029-cu ilin 30 iyununa qədər) bu klubun şərəfini qoruyacaq. Onun əvvəlki sözləşməsi 2027-ci ilin yayında bitəcəkdi.
Emiliano Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir.
London “Arsenal”ının yetirməsi olan futbolçu, bu komandada çox şans qazanmayıb. O, həmin dövrdə “Oksford Yunayted”, “Şeffild Yunayted”, “Roterem Yunayted”, “Vulverhempton”, “Xetafe” və “Ridinq” kimi komandalarda icarədə oynayıb.
Martines indiyə qədər “Aston Villa”da 160 rəsmi matça çıxıb. O, bu oyunlarda 196 qol buraxıb, 54 matçda qapısını toxunulmaz saxlayıb.
Emiliano Martines 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasının heyətində 45 oyuna çıxarıb. O, bu oyunlarda cəmi 17 qol buraxıb, 33 görüşdən isə “quru” çıxıb.
Argentinalı qolkiper ölkəsinin yığması ilə bir dəfə dünya çempionu olub (DÇ-2022), iki dəfə Amerika Kubokunu (2021 və 2024), bir dəfə Finalissimanın (2022) qalibi olub. Emiliano Martinesin qazandığı titullar arasında üç İngiltərə Kuboku (2015, 2017 və 2020) və üç İngiltərə Super Kuboku (2015, 2016 və 2021) da var. Amma o, bu uğurlara “Arsenal”da olduğu dönəmdə nail olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

“Aston Villa” 20 yaşlı niderlandlı yarımmüdafiəçisi Lamar Boqardla da yeni müqavilə bağlayıb. Onunla uzun müddətli müqavilə imzlandığı açıqlansa da, detallar açıqlanmayıb.
“Feyenoord”un yetirməsi olan yarımmüdafiəçi 2021-ci ildən “Aston Villa”da ıxış edir. O, ötən mövsüm “Bristol Rovers”də icarədə də olub, Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

“Aston Villa” “Mançester Siti”nin 19 yaşlı dayaq yarımmüdafiəçisi Keyn Teyloru da heyətinə qatıb. Transferin detalları və müqavilə müddəti açıqlanmır.
Futbola elə “Aston Villa”da başlamış Keyn Teylor 2019-cu ildən “Mançester Siti”də çıxış edirdi. O, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.



